"Quba rayonunun Rustov kəndində artezian quyusunun elektrik mühərrikinin sıradan çıxması səbəbindən əhali uzun müddətdir ki, içməli suya həsrət qalıb".
Bunu "Report”un Şimal bürosuna Rustov kəndinin sakinləri bildiriblər.
Onların sözlərinə görə, yüzlərlə əhalinin içməli su mənbəyi olan artezianın mühərrikinin xarab olması səbəbindən Rustov kəndinin bir hissəsində sakinlərin içməli su təchizatında təxminən 10 ildir ki, problem yaşanır.
Sakinlər deyirlər ki, 500 metr uzaqdan əl ilə qablarda su gətirməli olurlar. Qəyd edirlər ki, avtomobili olan şəxslər özləri ətraf kəndlərdən içməli su gətirirlər. Digər sakinlər isə məcbur qalaraq xüsusi su maşınında bir tonu 8-10 manata satılan sudan alırlar.
Qeyd edilib ki, istismar müddətini başa vurmuş elektrik mühərriki yenisi ilə əvəz edilsə, Rustov kəndini yenidən içməli su ilə təmin etmək mümkün olacaq.
Məsələ ilə bağlı Rustov kənd icra nümayəndəsi Beybut Rəhimov "Report"un yerli bürosuna bildirib ki, yaranmış problem barədə xəbərləri var. Onun sözlərinə görə, hazırkı vəziyyətdə elektrik mühərriki təmirə göndəriləcək: "Su xətləri yoxlanılacaq. Yolun asfalt örtüyünün alt hissəsindən keçən borulara hava vurularaq yoxlanılacaq. Ehtiyac olduqda yeni xətlərlə əvəzlənəcək. Sakinlərin içməli su problemi yaxın vaxtlarda həll ediləcək, içməli su təchizatında problem olmayacaq".