Bu il də əməkhaqqı islahatları orta aylıq əməkhaqqı göstəricisində önəmli artıma imkan yaradacaq ki, bu da gələn ilin əvvəlində pensiyaların növbəti dəfə daha yüksək faizlə indeksləşdirilərək artırılmasına imkan verəcək.
"Report" xəbər verir ki, pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və başqalarına isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib.
Bu ilin əvvəlindən həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb. Bu artım edildikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub.
Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin, həm də 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub. Bu ildən pensiya artımında vahid indeksasiya metoduna keçilməsi bütün pensiyaçılara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edib. Yəni, bu ildən qulluq stajına görə əlavə alan pensiyaçıların (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) pensiyalarının da hər ilin əvvəlində indeksləşdirilərək artırılmasına başlanıb ki, bu da nəticədə həmin şəxslərin pensiyalarında da hər il olmaqla davamlı artımı təmin edir.
Nəticədə 2023-cü ilin əvvəlindən həm ümumi əsaslarla pensiya alanlar, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar daxil olmaqla ümumilikdə 1,1 milyon pensiyaçının pensiyası indeksləşdirilərək artırılıb. Bu artım üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir.
Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır ki, bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.
Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və bu artımın tətbiq edilməsi üçün vətəndaşların hər hansı müraciətiinə, sənəd təqdim etməsinə, ehtiyac qalmır. Onu da bildirək ki, son illər ölkədə əməkhaqqı islahatlarının uğuru kimi, əməkhaqlarında da ciddi artımlar baş verir ki, bu da orta aylıq əməkhaqqı artımına səbəb olmaqla, bu əsasda hər ilin əvvəlində pensiyaların da daha yüksək faizlərlə (indeksləşdirmə üzrə pensiya artımı 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz olub, 2022-ci ilin əvvəlindən əlavə maddi yardım da daxil olmaqla pensiyalarda ümumi artım 10 faiz, 2023-cü ilin əvvəlindən isə indeksləşdirmə əsasında 14,7 faiz) indekləşdirmə əsasında artmasına imkan yaradıb.