Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.
Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
O xatırladıb ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib: "2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə 2023-cü ildə bir cinayət işi açılıb".