"İmişlidə 11 yaşlı qızla bağlı baş vermiş hadisə Azərbaycanın milli-əxlaqi dəyərlərinə ziddir".
Bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O qeyd edib ki, bütün cəmiyyət 11 yaşlı qızla bağlı baş verən hadisəni qınayır: "Bu və buna oxşar digər məsələləri daim nəzarətdə saxlayırıq, aidiyyəti dövlət qurumları da ciddi tədbirlər görüb. Bizim işimiz Bakı və regionlarda əhalinin maarifləndirmə işinin gücləndirilməsidir. Maarifləndirmə işi nə qədər güclü aparılsa, bunun effekti də bir o qədər çox olacaq".
Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada ölüb.
Qız, anası və qardaşı Sosial Xidmətlər Agentliyinin müəssisə və sığınacağına yerləşdiriliblər.