Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobillərlə təminatı, eləcə də Agentlik tərəfindən imtiyazlı şəxslərə göstərilən digər sosial xidmətlərlə bağlı “Report”a müsahibəsi:
- Vüqar müəllim, şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təminatı prosesi əvvəlki illərdə də həyata keçirilib. Hazırda təminat hansı mərhələdədir?
- Nəzərinizə çatdırım ki, son illərdə bu kateqoriyadan olan şəxslərin mənzil təminatı Prezident İlham Əliyevin müvafiq tapşırıqları ilə 5 dəfə genişləndirilib. Belə ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 və Vətən müharibəsindən sonrakı dövrdə - 2021-ci ildə 3000 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunub. Postmüharibə dövründə 6 yaşayış kompleksinin açılışı həyata keçirilib və bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Burada xüsusi bir məqama diqqət çəkmək istəyirəm ki, həmin 6 yaşayış kompleksinin 4-nün açılışında Prezident şəxsən iştirak edib. Şübhəsiz ki, bu da ölkə başçısının şəhid ailələri və müharibə əlillərinə olan xüsusi qayğısının təcəssümüdür. Yaşayış komplekslərinin hər biri bütün zəruri infrastrukturla təmin olunub. Bir çoxunda məktəb, uşaq bağçası və klub icma mərkəzləri var. Ümumilikdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı çərçivəsində postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
- Mənzil təminatı proqramı hazırda da davam etdirilir. Bu il üçün qarşıda duran hədəflər nədən ibarətdir?
- Bəli bu proses davamlıdır. Bilirsiniz ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsini nəzərdə tutur. Bu il üçün isə 1 500 sözügedən kateqoriyadan olan ailənin fərdi ev və mənzillərlə təmin olunması nəzərdə tutulur ki, artıq 500 mənzil təqdim edilib. Siz də məlumatlısınız ki, rayonlarda yaşayan və qeyd olunan kateqoriyaya daxil olan vətəndaşlarımız üçün fərdi evlər inşa olunur. Yaxın vaxtlarda məhz regionlarımızda 500-ə yaxın fərdi evin şəhid ailələri və müharibə əlillərinə təqdim edilməsi planlaşdırılır. Bu işlərlə yanaşı müharibə əlillərimizin minik avtomobilləri ilə təmin edilməsi işləri də həyata keçirilir. Nəzərinizə çatdırım ki, son 4 ildə 500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlilinə avtomobil verilib.
- Vüqar müəllim bilirik ki, Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin sanatoriya-kurort mərkəzlərinə göndərilməsini də həyata keçirir. Bu istiqamətdə işlər nə yerdədir?
- Ümumiyyətlə, Agentlik 12 regional filialı və 13 müəssisəsi ilə sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması üzrə fəaliyyət göstərir. Bu baxımdan xidmət kontingentimiz zəngindir. Şəhid ailələri, müharibə əlilləri ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara, əlilliyi olan digər şəxslərə, ahıllarımıza və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza müxtəlif sosial xidmətlər göstəririk.
2021-ci ildə 4455 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlar şəhid ailələri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olub. Həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı bir neçə məşhur sanatoriya və müalicə mərkəzlərində bərpa-müalicə kursu keçiblər. Bununla yanaşı Agentlik tərəfindən postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlili yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib ki, onlardan 300-ə yaxını şəhid ailəsi üzvləridir. Bu ilin ötən dövründə isə 60-a yaxın şəhid ailəsinə sanatoriya-kurort yollayışları verilib. Qeyd edim ki, bu proses hazırda da davam edir. Yaxın günlərdə bu kateqoriyadan olan növbəti qrup vətəndaşlarımız sanator-kurort və müalicə mərkəzlərinə yola salınacaqlar.
- Sosial Xidmətlər Agentliyi qazilərin reabilitasiya prosesində iştirak edirmi?
- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun möhtəşəm Zəfəri ilə nəticələnən Vətən müharibəmizin başladığı ilk günlərdən etibarən sosial-psixoloji dəstək tədbirlərinə start verilib. Belə ki, müharibə, fövqalədə hallar dövründə yaşanan travmatik hadisə sonrasında zərərçəkmiş insanlarda stress, depressiya, təşviş, halusinasiya, sayrışan hallar, panik ataklar, əsəb tutmaları, gərginlik və narahatlıq kimi Post Travmatik Stress Pozuntuları aradan qaldırmaq üçün şəhid ailələri, qazilər, ümumiyyətlə müharibədən zərərçəkənlərlə psixoloji iş aparılıb. 18 noyabr 2020-ci il tarixində ilk olaraq Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra bütün ölkə ərazisi əhatə olunub. 28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 2951 ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbiçilər və onların ailə üzvləri olub.
Bunlarla yanaşı, 19 noyabr 2020-ci il tarixindən başlayaraq müharibədən zərər çəkən şəxslərə yaşadıqları stress, travma kimi psixoloji problemlərin aradan qaldırılmasında psixoloji xidmətin hər an əlçatan olması məqsədi ilə səsli və ya görüntülü şəkildə göstərilən “Onlayn psixoloji dəstək xətti” fəaliyyətə başlayıb. Həmin tarixdən ötən ilin avqustunadək “Onlayn psixoloji dəstək xidməti”nə 1600-dən çox zəng daxil olub. Onlardan 1100-dən çoxu məhz psixoloji xidmətlə bağlı olub. Ümumilikdə 50-dək zənglə bağlı evlərə səfər olunaraq əyani şəkildə psixoloji dəstək göstərilib. 70 zəng isə psixiatr müayinəsinə yönləndirilib.
Agentlik olaraq bu istiqamətdə göstərdiyimiz xidməti hazırda 116123 “Qayğı” Çağrı Mərkəzi vasitəsilə davam etdiririk. Çağrı mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz onlayn-psixoloji dəstəkdir. Bu xidmətə ehtiyacı olan hər kəs 116123 nömrəsinə zəng edərək psixoloji dəstək ala bilər.
Bu işlərlə yanaşı Sosial Xidmətlər Agentliyi olaraq müharibə əlillərinin peşə-əmək reabilitasiyasına cəlb edilməsini də həyata keçiririk. Postmüharibə dövründə daha 41 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edə bilmişik. Onlar üçün Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Qazilərimizin bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər. Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir. Peşə kursu keçən qazilərdən Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak edənlər oldu. Ümumilikdə, Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Hazırda Mərkəzdə 22 nəfər müharibə əlili müxtəlif peşələr üzrə müvafiq təlimlərini davam etdirirlər və yaxın günlərdə onlar da kursları bitirəcəklər.
Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində də qazilərimizə xidmətlər göstərilir. 2021-ci ilin avqust ayında 3 qazi, bu ilin may ayında isə 1 qazi olmaqla ümumilikdə 4 qazimiz Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə qəbul edilərək, müvafiq xidmətlərə cəlb ediliblər. Bu şöbəyə qəbul edilən şəxslərə tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir. Onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində iş aparılır. Bütün xidmətlər dövlət vəsaiti hesabına həyata keçirilir.
- Agentliyin sifarişləri ilə mütəmadi olaraq sosial layihələr icra olunur. Bu layihələrdə şəhid ailələri və müharibə əlillərinə dair mövzulara yer verilirmi?
- Şübhəsiz ki, biz buna xüsusi əhəmiyyət veririk. Ötən il Agentliyin sosial sifarişləri çərçivəsində “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” layihəsi həyata keçirilib.
Layihənin məqsədi şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi, eləcə də Vətən müharibəsinin şəhidləri və qaziləri haqqında avtobioqrafik, keçdikləri döyüş yolu barədə məlumatların geniş yayılmasını təmin etmək olub. “Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyasından sonra cəmiyyətə adaptasiya olunması” layihəsi də həyata keçirilib. Layihə adından da göründüyü qazilərimizin reabilitasiyası, cəmiyyətə inteqrasiyası məqsədi daşıyıb.
Ötən ilin 10-14 dekabr tarixlərində Gəncə şəhərində, 18-23 fevral 2022-ci il tarixlərində isə Lənkəran şəhərində Vətən müharibəsi iştirakçıları üçün "II Qarabağ müharibəsi əlillərinin asudə vaxtının təşkili və motivasiya düşərgəsi" layihəsi keçirilib. Qazilərimiz bu layihədə peşəkar təlimçilərin iştirakı ilə motivasiya xarakterli görüşlərə, asudə vaxtlarının səmərəli təşkili üçün qrup işlərinə cəlb ediliblər. Onlar üçün əyləncə saatları, ekskursiyalar, habelə psixoloqun iştirakı ilə qrup terapiyaları, öyrədici təlimlər təşkil olunub. Motivasiya düşərgələri ümumilikdə 60-a yaxın Vətən müharibəsi iştirakçısını əhatə edib. Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinin öz asudə vaxtlarını birgə keçirmələri, sağlam həyat tərzi yaşamaları ilə bağlı bərabər imkanların yaradılması üçün növbəti düşərgənin təşkil olunması nəzərdə tutulur. Bu məqsədlə artıq ilkin işlərə start verilib.
Şəhidlərimiz və qazilərimizin şanlı döyüş yolu haqqında videoçarxların, filmlərin və digər informasiya resurslarının hazırlanması istiqamətində də işlər görülüb və hazırda da davam etdirilir. Ötən dövrdə şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsindən bəhs edən 14 qısametrajlı film, Vətən müharibəsi əlillərinin reabilitasiyasından sonra cəmiyyətə adaptasiya olunması mövzusunda 2 sənədli film hazırlanıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edən “Vətən dastanı” filmi hazırlanaraq təqdim olunub. Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında "Unudulmazlar" innovativ informasiya resursu da yaradılır. Bu layihə "Unudulmazlar" mobil tətbiqi və saytın hazırlanmasını əhatə edir. Bu platforma ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradacaq. Onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edəcək.
- Vaxtaşırı olaraq rayonlarda vətəndaş qəbulları da həyata keçirirsiniz. Bu qəbulların əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Əvvəlcə onu deyim ki, postmüharibə dövründə mütəmadi olaraq şəhidlərimizin ailələrini və qazilərimizi ziyarət etmişik. Ziyarət olunan hər bir ailənin vəziyyəti ilə yaxından maraqlanaraq, onların sosial dəstək tədbirləri ilə əhatə olunması üçün müvafiq addımlar atılıb və bu sahədə fəaliyyətimiz bu gün də davam edir. Bu bizim vəzifə borcumuzla yanaşı, həm də vətəndaşlıq borcumuzdur. Bu ilin may ayından etibarən rayonlarda vətəndaş qəbulları da həyata keçirilir. Bu qəbulların da məqsədi vətəndaşlarımızın mövcud müraciətlərini yerində araşdıraraq, həll edilməsinə dəstək göstərməkdir. Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad, Qəbələ rayonlarında ümumilikdə 20 rayonun sakinləri üçün qəbullar keçirilib. Bu qəbullarda 300-ə yaxın sakinin müraciəti dinlənilib. Qəbullar davamlı olaraq həyata keçiriləcək və düşünürəm ki, şəhidlərimizin bizə əmanət olan ailələrinin, həmçinin qazilərimizin müraciətlərinin vaxtında, operativ həll edilməsi üçün xüsusi əhəmiyyətə malikdir.