Hicran Hüseynova: "Ömür uzunluğunun artması əmək qabiliyyətli insanlar üçün çətinliklər yarada bilər"

Hicran Hüseynova: "Ömür uzunluğunun artması əmək qabiliyyətli insanlar üçün çətinliklər yarada bilər" Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir. Bunun üçün isə qadın “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməlidir”.
Sosial müdafiə
5 Fevral , 2019 17:22
Hicran Hüseynova: Ömür uzunluğunun artması əmək qabiliyyətli insanlar üçün çətinliklər yarada bilər

Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir. Bunun üçün isə qadın “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməlidir”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır: “Ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də, qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır”.

H.Hüseynova bildirib ki, qadınların peşə hazırlığı kurslarına cəlb olunmaları, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var: “Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır.

Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq”.

Son xəbərlər

Orphus sistemi