İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 12-13 iyun tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olub.
"Report" xəbər verir ki, səfər Agentlik ilə Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu (SGK) arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Səfər zamanı Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində Zaur Əliyev SGK sədri Raci Kaya ilə görüş keçirib. Agentlik ilə SGK arasında 2021-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığın qarşılıqlı faydalı olduğu nəzərə alınaraq Anlaşma Memorandumunun müddəti uzadılıb. Memorandumun məqsədi icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.
Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı icbari tibbi sığorta sahəsində hər iki ölkənin əldə etdiyi təcrübə, sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsinin tənzimlənməsi və işin təşkili ilə bağlı mövzuları əhatə edir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və digər aidiyyəti qurumlarla da görüşlər keçirib. O işğaldan azad olunmuş ərazilərdə (Ağdam və Zəngilan) quraşdırılmış modul tipli xəstəxanaların TİKA tərəfindən tibbi avadanlıqlarla təchiz olunmasında və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin inzibati heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Xəstəxanaların idarə edilməsi” layihəsinin təşkilində göstərilən dəstəyə görə qurumun sədri Sərkan Kayalara təşəkkürünü bildirib.