Bakı. 15 oktyabr. REPORT.AZ/ "Elektron Hökümət Portalı üzərində hər bir vətəndaş üçün "Şəxsi kabinet" yaradılacaq".
"Report" xəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, hazırda "Şəxsi kabinet"in formalaşdırılması üzərində iş aparılır: "Bunun üzərində iş gedir. "Şəxsi kabinet"ə vətəndaşlar daxil olduğu zaman özlərinə dair məlumatları orda görə biləcəklər. Məsələn, şəxsiyyət vəsiqəsinin, pasportun bitmə vaxtı, hər hansı sənədin dəyişdirilmə vaxtı şəxsi kabinetdə olacaq. Hətta vətəndaşın övladı varsa, onunla bağlı da bütün məlumatı dövlət vətəndaşa verəcək. Yəni vətəndaş, sadəcə, bir kabinetə daxil olmaqla özünə aid bütün məlumatları görə biləcək, xidmətlərə daxil ola biləcək".