Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Energetika
  • 31 oktyabr, 2026
  • 16:11
Cavid Abdullayev: Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.

"Biz bu ekosistemin dəyişməsi nəticəsində enerji sistemlərinə olan tələbatların və onların keyfiyyət xarakteristikalarındakı tələblərin dəyişməsinin şahidi oluruq. Böyükmiqyaslı data mərkəzlərinin ölkəmizdə formalaşdırılması, rəqəmsal inkişafla bağlı olan institusional dəyişikliklər və hökumətin qəbul etdiyi qərarlar özlüyündə dayanıqlı enerji təminatı məsələsini ön plana çəkir. Bu dayanıqlılığın əsasında duran məsələlərdən biri isə məlum olduğu kimi, bərpa olunan enerji mənbələrindən istifadə, həmin istifadənin düzgün planlaşdırılması və ölkə iqtisadiyyatının tələblərinə cavab verəcək şəkildə həyata keçirilməsidir. Təsadüfi deyil ki, hər bir data mərkəzi öz gücünü meqavatla ölçür və bu da onun birbaşa, bu və ya digər formatda enerji təchizatına bağlı olduğunun göstəricisidir",-deyə o qeyd edib.

C.Abdullayevin sözlərinə görə, iqtisadiyyatın müəyyən sahələrində dəyişiklikləri və startap ideyalarının yönəldiyi istiqamətləri düzgün müəyyənləşdirmək bir çox hallarda ölkənin innovativ inkişafı üçün fundamental rol oynayır: "Kifayət qədər turbulentlik müşahidə elədiyimiz bir dövrdə, ətrafımızda baş verən hadisələrin fonunda bir dayanıqlıq adası kimi möhkəm ayaqlar üzərində dayanan Azərbaycan üçün bugünkü startap innovasiyalarının inkişaf etdirilməsi olduqca mühüm və əhəmiyyətli bir mövzudur. Burada bizim rəqəmsal interkonnektorlarımız xüsusilə qeyd olundu. Mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, bizim enerji interkonnektorlarımız da öz növbəsində burada qeyd olunan məsələlərin dəstəklənməsinə xüsusi önəm və dəstək göstərir".

44 filmi