Mustafa Abbasbəyli: "Bu günə qədər 13 mindən çox qazi və şəhid ailəsi üzvünün məşğulluğu təmin edilib"

Mustafa Abbasbəyli: "Bu günə qədər 13 mindən çox qazi və şəhid ailəsi üzvünün məşğulluğu təmin edilib" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin “Report”a müsahibəsi:
Sosial müdafiə
15 İyul , 2022 11:24
Mustafa Abbasbəyli: Bu günə qədər 13 mindən çox qazi və şəhid ailəsi üzvünün məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin “Report”a müsahibəsi:

- Mustafa müəllim, Vətən müharibəsindən sonrakı dövrdə qazi və şəhid ailəsi üzvlərinin məşğulluq məsələlərinin həll edilməsi istiqamətində ardıcıl işlər görülməsi barədə mütəmadi olaraq rəsmi açıqlamalar verilir. Nə qədər şəxsi əhatə edə bilmisiniz? Bu istiqamətdə işlər necə gedir?

- Son dövrlər ən aktual mövzulardan biri Vətən müharibəsindən qayıdan qazilərin, eləcə də şəhid ailəsi üzvlərinin işlə təmin olunması məsələsidir. Müharibə bitdikdən sonra nazirlikdə və Agentlikdə tədbirlər planı hazırlanaraq təsdiq edildi. O dövrdən başlayaraq tədbirlər planının icrası çərçivəsində kifayət qədər geniş məşğulluq tədbirləri həyata keçirilib. Bu dövrdə 13 mindən çox şəxsin məşğulluğu bu və ya digər şəkildə təmin edilib. Onlardan 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib, 5 300-dən çox şəxs işlə təmin olunub. Digər bir yeni və mühüm aktiv məşğulluq istiqamətlərindən biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır.

Postmüharibə dövründə bu istiqamətdə də əldə etdiyimiz nəticələr müvcuddur. 73 nəfərin məhz bu layihə çərçivəsində işlə təminatı həyata keçirilib. Bilirsiniz ki, “Məşğulluq marafonu” kampaniyasına start verildi. Bu istiqamətdə də biz işəgötürənlərlə birgə işlə təminat prosesini həyata keçirməkdə davam edirik. Mövcud vakansiyalar üzrə isə 700-ə yaxın şəxsin məşğulluğu təmin edilib. Ümumilikdə isə qeyd edim ki, Agentlik olaraq 18 600-dən çox qazi və şəhid ailəsi üzvü ilə bilavasitə iş aparılıb.

- Məşğulluq marafonunu qeyd etdiniz. Bu istiqamətdə işlər necə gedir? İşəgötürənlərin marafonda iştirakını qənaətbəxş hesab etmək olarmı?

- Qeyd etdiyim kimi postmüharibə tədbirlərinin icrası çərçivəsində bildiyiniz kimi Agentlik olaraq “Məşğulluq marafonu”na start verdik. Qısa müddət ərzində marafon kifayət qədər geniş yayıldı. Hazırda təxminən 650-dən çox şirkət üzrə 4600-ə yaxın vakansiyalar təqdim olunub. Vakansiyalar kifayət qədər geniş spektrı əhatə edir. Sevindirici hal ondan ibarətdir ki, vakansiyalar üzrə müxtəlif növ vəzifələr və əməkhaqqı kateqoriyaları təqdim edilib. Proses geniş şəkildə davam edir. Artıq marafon çərçivəsində 2440 bu kateqoriyadan olan şəxs işlə təmin edilib.

- Qazi və ya şəhid ailəsi üzvü marafona necə müraciət edə bilər? Bunun üçün hansı müraciət üsulları nəzərdə tutulub?

İlk müddətdə həmin şəxslərin müraciət etmədən məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görməyə başladıq. Şəhid ailəsi üzvü və qazilərin hər birinin məlumatı bizdə mövcuddur. Bu məlumatlar əsasında təhlil aparıb bizə təqdim olunan vakansiyalara ən uyğun namizədlərin seçilməsini özümüz həyata keçiririk. Lakin qərara gəldik ki, həmin vətəndaşların da özünün müraciətini təmin edək. Onlayn müraciət qaydası müəyyənləşdi. Qazilər və şəhid ailə üzvləri onlayn resurs vasitəsilə (dma.gov.az) öz məlumatlarını doldurub vakansiyalara uyğunluğunu məlumatlar əsasında təyin edib müvafiq işlərlə təmin edilməsinə yardımçı olacağıq. Şəhid ailələrinin üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlilləri daim dövlət başçısının və aidiyyatı qurumların diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün davamlı addımlar atılır və sosial dəstək tədbirlərimiz davam edir.

Son xəbərlər

Orphus sistemi