Bakı Şəhər İcra Hakimiyyətinin Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı və Səbail rayonlarında 5 ildir həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə avqustun 20-dən Binəqədi rayonunu da qoşulacaq.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, layihəyə yeni qoşulacaq Binəqədi rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 656 konteyner meydançası yaradılıb. İlkin mərhələdə meydançalara 1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla, ümumilikdə 2218 müasir tipli yeni konteynerlər yerləşdirilir, əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri və gənclərin iştirakı ilə rayonun qəsəbələrində, məhəllə və həyətlərində görüşlər keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verir.
Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq istifadəyə verilib və bu yaxınlarda daha 40 maşın gətiriləcəkdir.
Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edir.