Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin oktyabrın 1-nə Azərbaycanda pensiyaların orta aylıq məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.
Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.