Bakı. 27 yanvar. REPORT.AZ/ Sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi Ukrayna nümayəndə heyəti bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub.
"Report" xəbər verir ki, Ukrayna nümayəndə heyəti Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb.
Görüş zamanı S.Müslümov Azərbaycanda sosial müdafiə sahəsində Ukrayna ilə əməkdaşlıq etmək üçün hərtərfli hüquqi baza olduğunu qeyd edib.
"Ukrayna yeganə ölkədir ki, nə vaxtsa orada işləmiş azərbaycanlılara təqaüd ödəyən yeganə ölkədir. Ukrayna sosial müdafiə məsələsində Azərbaycan qarşısında öz öhdəliklərini tam və aydın yerinə yetirir", - S.Müslümov bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə, o cümlədən sosial müdafiə sahəsində əməkdaşlıqda böyük potensial var: "Buraya əmək bazarının qarşılıqlı öyrənilməsi, əlillik məsələsi, sosial təminat, əlillik və reabilitasiyanın təyin edilməsi və s. məsələlər daxildir".
Nazir bu gün imzalanan Əməkdaşlıq Proqramının sosial müdafiə sahəsində iki ölkə arasında yeni müqavilələrin bağlanmasına yol açacağını bildirib. S.Müslümov, həmçinin bu gün təxminən yarım milyon azərbaycanlının Ukraynada yaşadığını və işlədiyini vurğulayıb.
Öz növbəsində, Ukraynalı nazir Azərbaycan və Ukraynanı çox şeyin, o cümlədən eyni problemin birləşdirdiyini qeyd edib: "20 il əvvəl Azərbaycanın üzləşdiyi problemlər bu gün Ukrayna üçün aktualdır. Ona görə də Azərbaycanın qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli, onların yerləşdirilməsi üzrə təcrübəsi Ukrayna üçün qiymətlidir".
"Azərbaycanın Ukraynaya qarşı mövqeyini yüksək qiymətləndiririk. Ukrayna hökuməti də Azərbaycana münasibətdə eyni mövqedən çıxış edir. Beynəlxalq arenada bu məsələlərdə əməkdaşlıq edəcək və bir-birimizi dəstəkləyəcəyik", - A.Reva vurğulayıb.