Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir".
"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb".
F.Babayev bildirib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa gələcəkdə kişilərin sayı artacaq : "Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq".
F.Babayev deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır: "Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır".