Bakı. 25 sentyabr. REPORT.AZ/ "İƏT-in fəal üzv dövlətlərindən biri kimi Azərbaycan Respublikası təşkilatın əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib və nəqliyyat, enerji, ticarətin asanlaşdırılması və sair sahələrdə regional sinerji və müxtəlif tərəfdaşlıq çərçivələrinin genişləndirilməsi istiqamətində xüsusi fəaliyyətlər formasında əhəmiyyətli töhfə verib".
"Report” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.
"Regionumuzda və onun ətrafında son hadisələr xalqlarımız arasında daha sıx regional əməkdaşlığı inkişaf etdirmənin vacibliyini bir daha sübut edib. Bu xüsusda İƏT-in unikal rolu danılmazdır", - nazir qeyd edib.
Onun sözlərinə görə, iqtisadiyyat və ticarət haqqında danışarkən, nəqliyyat və bağlılıq məsələsi göz önünə gəlir: "Həm istehsalçı, bazar, həm də nəqliyyat dəhlizi kimi regionun rəqabətliliyinin artırılması məqsədilə regional infrastrukturun inkişafı adekvat şəkildə həll edilməlidir.
Nəqliyyat imkanları İƏT regionunun vacib strateji rəqabət üstünlüyüdür. Ələlxüsus quru yolu və dəmir yolu sektorunda bağlılığımızın genişləndirilməsi istiqamətində əməkdaşlığımız olduqca vacibdir".
E.Məmmədyarov bildirib ki, Azərbaycan nəqliyyat sistemini və xidmətləri iqtisadiyyatın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək özünün tranzit və logistika potensialını daha da genişləndirmək niyyətindədir: "Biz bu vəzifənin artan effektinə qəti şəkildə inanırıq və bu səbəbdən biz bunu regional miqyasda layihələşdirmək istərdik. Bununla yanaşı, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək nəqliyyat infrastrukturunun modernləşdirilməsinin və diversifikasiya edilməsinin üzərində işləyir. Bundan başqa, ölkəmizdəki bütün nəqliyyat marşrutlarının konvergensiya nöqtəsi olan yeni Beynəlxalq Dəniz Ticarəti Limanı və onun Beynəlxalq Logistika Mərkəzinin tikintisi, Ələtdə azad iqtisadi zona ilə bağlı qanunun qəbulu region ölkələrinin tranzit qabiliyyətinin və beynəlxalq ticarət dəhlizlərinin rəqabətliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz ticarət imkanları ilə bir-birimizə yardım etməliyik.
Buna görə də, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin təşviqi vasitəsilə İƏT regionunun tranzit potensialının artırılmasına töhfə verməkdədir. Azərbaycan və Türkiyə keçən il istifadəyə verilmiş və bütün İƏT üzv dövlətləri faydalanmaqla Çini Avropaya daha da yaxınlaşdıran strateji Bakı-Tbilisi-Qars dəmir yolunun iki vacib son məntəqələridir.
Həmçinin biz strateji məqsədi regionumuzda bir sıra ölkələrin qarşılıqlı şəkildə maraqlarını gücləndirmək olan Lapis-Lazuli nəqliyyat marşrutu vasitəsilə Avropa və Mərkəzi Asiya arasında davamlı logistikanın qurulması məqsədilə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla işləyirik. Biz inanırıq ki, İƏT dəmiryol şəbəkəsinin əlaqələndirilməsi və bölgənin birgə dəmiryol infrastrukturunun inkişafı üzrə addımların atılması İƏT gündəliyinin prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, Şimal-Qənub Nəqliyyat Dəhlizinin çatışmayan və vacib halqası olan Qəzvin-Rəş-Astara (İran)-Astara (İran) layihəsinin erkən başa çatdırılması iqtisadi inkişafa yeni təkan verəcək, cəlb olunmuş ölkələrin, eləcə də bütün regionun nəqliyyat imkanlarını genişləndirəcəkdir.
Yenilənmiş İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu olmadan müasir cəmiyyətlər rəqabətə davamlı ola bilməzlər. İKT qarşılıqlı uzlaşmanın ayrılmaz tərkib hissəsidir və fəxr edirəm ki, Azərbaycan, həmçinin müvafiq regional layihələrin inkişaf etdirilməsinə fəal cəlb olunmuşdur. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) bunun bariz nümunəsidir.
Azərbaycan İƏT regionunda İKT əməkdaşlığının inkişafına sadiqdir və bu sektorda regional əməkdaşlığı asanlaşdırmaq istiqamətində səylərinin davamı olaraq Azərbaycan 2017-ci ildə müvafiq nazirlərin görüşünü təşkil etdi. Əminəm ki, nazirlərin müzakirələrinin nəticəsi İKT sahəsində ortaq məqsədlərə nail olunmasına töhfə verəcəkdir.
Enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığına yeni baxışla ortaya çıxdıqda başladı. Azərbaycan daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaş oldu. Biz boru kəməri infrastrukturunun diversifikasiyasının pioneri olduq; biz Xəzər, Qara və Aralıq dənizlərini əlaqələndirdik. Bugün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər Şahdəniz yatağından qazımızı Aİ-yə çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaq".