Yuxarı

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Məzun Günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Məzun Günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasını (DGKA) 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün “Məzun Günü” keçirilib.

DGK-dan "Report"a verilən məlumata görə, tədbirdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, sədr müavinləri və idarə rəisləri, akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

S.Mehdiyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində mütərəqqi islahatlar, innovativ yeniliklər reallaşdırılır, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının beynəlxalq standartlara uyğun hazırlanması təhsilin keyfiyyət göstəricilərini yüksəldir. Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə verdiyi dəstəyi də xüsusi vurğulayan S.Mehdiyev qeyd edib ki, bu gün gənclərimiz istənilən ali təhsil müəssisələrində müasir standartlara uyğun şəkildə təhsil ala bilirlər.

Komitə sədri akademiyanın sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında Vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Akademiyanın rəisi Qulu Novruzov deyib ki, DGKA-nı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb. Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir missiyanı yerinə yetirir.

Q.Novruzov akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Elm və Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış edərək 5 il əvvəl fəaliyyətə başlamasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının qısa zaman kəsiyində ölkənin nüfuzlu təhsil ocaqlarından birinə çevrildiyini vurğulayıb, gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliklərini ifadə edib və məzunlara uğurlar arzulayıblar.

Daha sonra məzunlara diplomlar təqdim olunub. Akademiya birincisi olan "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov S.Mehdiyev tərəfindən təltif edilib. “Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə” isə 5 məzun mükafatlandırılıb.

“Məzun Günü” bədii hissə ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi