Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.
Sərgilər
22 İyul , 2022 18:45
Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.

"Report" xəbər verir ki, Xan sarayının ərazisində keçirilmiş “KOB Fest”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələri, o cümlədən dulusçuluq, şəbəkə sənəti, papaqçılıq, misgərlik nümunələri, müxtəlif əl işləri, Şəki şirniyyatları, arıçılıq məhsulları, alkoqolsuz içkilər, konservləşdirilmiş məhsullar, yüngül sənaye məhsulları nümayiş olunub və satılıb. Ümumilikdə yarmarkada 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənib. Festival müddətində taxta üzərində oyma sənəti, origami və s. kimi sahələri üzrə master-klasslar, mədəni-əyləncəli proqram da təşkil olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Festin mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirildiyini qeyd edib. Bildirilib ki, Şəki şəhərində keçirilmiş KOB Fest sərgi-satış yarmarkası sayca yeddincidir. Bundan əvvəl “KOB Fest” Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəmkir və Qubada keçirilib və burada 300-dən çox KOB subyekti məhsul və xidmətlərini təqdim edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirin Şəkidə təşkilindən məmnunluğunu ifadə edib, yarmarkanın bölgəyə xas məhsulların tanıdılması, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi