Bakı. 2 noyabr. REPORT.AZ/ "Pirallahı Sənaye Parkında yaradılan əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq". "Report" xəbər verir ki, bunu "Hayat Pharm" əczaçılıq məhsullarının istehsalı zavodunun təməlqoyma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 mln. ədəd həb və kapsul təşkil edəcək: "Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Bu, onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemləri təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar olacaq".
Ş.Mustafayev qeyd edib ki, bu layihə mərhələli şəkildə aparılacaq: "Bu ilin axırından logistik infrastrukturun yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq. Bu, Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və qeyri-neft sektorunun inkişafına xidmət edir. Layihə çərçivəsində 200-dən çox iş yeri yaradılacaq".
Qeyd edək ki, bu gün "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiyanın "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC şirkətləri arasında "Hayat Pharm" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılan "Hayat Pharm" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" 10%, "Vita-A" və "AR-Pharm" isə hər biri 45% iştirak payına malikdir. Tədbir çərçivəsində "Hayat Pharm" şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.