Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” yeni növ koronavirus infeksiyasının yayılması səbəbindən istifadəsi artan qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalını artırıb.
“Report” xəbər verir ki, “Petkim”in baş direktoru Anar Məmmədov istehsalın daha çox daxili bazarın tələbatına yönəldiyini bildirib:
“Dünya plastik sənayesi yeni növ koronavirus infeksiyası ilə mübarizədə ön sıralardadır. Türkiyədə bu sektorun ən önəmli oyunçusu olaraq 55 ildir daxili bazara tədarük edir, ölkənin neft-kimya məhsullarına olan tələbatının 18%-ni qarşılayırıq. Xam maddə ilə təmin etdiyimiz plastik sektoru xəstələrin müalicəsi və tibbi heyətin qorunması üçün lazımi avadanlıqların istehsalını həyata keçirdiyinə görə xammalla bağlı problem yaşamamalıdır. Buna görə də bu müddətdə yerli istehsalçıların xammal tələbini ödəmək üçün fasiləsiz çalışırıq”.
“Petkim”in baş direktoru koronavirusun qlobal iqtisadiyyata mənfi təsir göstərdiyini qeyd edib. Bununla belə, baş direktor bu müddətdə “Petkim”in istehsalının fasiləsiz davam etdiyini və daha çox tibbi ləvazimat və qablaşdırma üçün xammal istehsalına üstünlük verildiyini bildirib.
“Bu yöndə tələbatı təmin edirik. Məsələn, son günlər daha çox istifadə edilən tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan “polipropilen nonwoven” məhsuluna olan tələbatı tamamilə qarşılayırıq. Bu həssas dönəmdə heç bir məhsulun satış qiymətini artırmamışıq”, - A.Məmmədov əlavə edib.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.