Bakı. 5 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” rəqəmsallaşma ilə mənfəətini 100 mln. ABŞ dolları məbləğində artırmağı hədəfləyir.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə “Petkim Holding”in baş direktoru Anar Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellekt sayəsində yeni investisiya həyata keçirmədən bir fabrikin mənfəəti 7-8% arta bilər: “Eyni istehsal gücü və xam maddə miqdarı ilə daha çox istehsal edə bilərik. “Sənaye 4.0” çərçivəsində texnologiyaya böyük önəm veririk. Hədəfimiz “Petkim”i Türkiyənin aparıcı rəqəmsal şirkəti etməkdir. Yeni texnologiyalar sayəsində 2018-ci ildə də rekord həddə göstəricilər əldə etməyə davam edəcəyik”,- “Petkim”in baş direktoru deyib.
Qeyd edək ki, ötən ilin sonunda “Petkim Holding”in baş direktoru Anar Məmmədov 2018-ci ildən rəqəmsallaşma ilə bağlı investisiyalara başlanılacağını bildirmişdi. Onun sözlərinə görə, bu işlər bir ilə tamamlana bilməz və 2-3 illik layihədir. A.Məmmədov vurğulayıb ki, 2018-ci ilin sonunda layihənin ilkin nəticələri əldə olunacaq.
“Petkim”də rəqəmsallaşdırma və texnologiya üzrə baş direktor müavini vəzifəsi də yaradılıb.