Ötən il Britaniyanın qiymətli metal istehsalçısı Azərbaycanda hasilat həcmlərini 45 % azaldıb
- 15 yanvar, 2024
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti 2023-cü ildə 31 821 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya şirkətinin açıqladığı illik hesabatda deyilir. Hesabata əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 25 797 unsiya və ya 44,8 % azdır.
Ötən il qızıl ekvivalentində əlvan metal hasilatının 3 080 unsiyası dördüncü rübdə təmin edilib.Bu, 2022-ci ilin dördüncü rübünün göstəricisi ilə müqayisədə 11 451 unsiya və ya 4,7 dəfə azdır.
Ötən il ərzində şirkət tərəfindən 21 758 unsiya qızıl istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 21 356 unsiya və ya 49,5 % azdır. Dördüncü rübdə isə qızıl istehsalı 2 979 unsiya təşkil edib ki, bu da 2022-ci ilin oktyabr-dekabr ayları ilə müqayisədə 8 142 unsiya və ya 3,7 dəfə azdır.
“Anglo Asian Mining plc” şirkəti tərəfindən ötən il mis istehsalı 378 ton və ya 15 % azalaraq, 2 138 tona enib. Dördüncü rübdə isə mis istehsalı 2022-ci ilin son rübü ilə müqayisədə 606 ton və ya 34,7 dəfə azalaraq, 18 ton təşkil edib.
2023-cü ildə gümüş istehsalı 129 820 unsiya və ya 3,4 dəfə azalaraq, 53 226 unsiyaya enib. Bunun 2 874 unsiyası (34 504 unsiya və ya 13 dəfə azalma ilə) dördüncü rübdə hasil edilib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.