Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının “Report”a müsahibəsi:
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti deyəndə ilk olaraq Azİİ yada düşür. Azİİ dedikdə isə nədənsə, ilk növbədə, illər öncə Azərbaycanda təhsil alan xarici tələbələr xatırlanır. Hazırda o tələbələrin bəziləri ölkələrində yüksək vəzifələrdə çalışırlar. Bu gün ADNSU-da xarici tələbələr oxuyurmu və onların sayı nə qədərdir?
- Bildiyiniz kimi, 1950-60-cı illərdə SSRİ-də “neft bumu” yaşanırdı və bu, əsasən, Azərbaycanda, o cümlədən yenicə istismara verilmiş Neft Daşlarında neftin hasilatı ilə bağlı idi. Təbii ki, neft-qaz sənayesi üçün mütəxəssislər hazırlamaq istəyən həm sosialist düşərgəsi, həm də inkişafda olan Afrika ölkələri öz mütəxəssislərini məhz SSRİ-də yetişdirməyə çalışırdı. Çünki SSRİ iki nəhəng dövlətdən biri idi, bəlkə də, birincisi idi. SSRİ miqyasında Fərman Salmanov, Sabit Orucov və daha onlarla tanınmış neftçi yetişdirən Azİİ-də təhsilə yüksək etibar olduğundan əcnəbi tələbələrin böyük bir qismi məhz bu səbəbdən Bakıya göndərilirdi. Bunun nəticəsində Azİİ keçmiş SSRİ məkanında ən çox əcnəbi tələbənin təhsil aldığı üç ali məktəbdən birinə çevrilmişdi. Bu gün müstəqil Azərbaycanda bizim üçün prioritet məsələ özümüz üçün mütəxəssis hazırlanması olsa da, parallel olaraq daha çox əcnəbinin də ADNSU-da təhsilə cəlb olunmasına çalışırıq. Biz ənənəvi olaraq neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasını həyata keçiririk.
Hazırda universitetimizdə 500-dən artıq əcnəbi təhsil alır və onların sayı ilbəil artır. Biz çalışırıq ki, hazırladığımız mütəxəssis öz ölkəsinə qayıtdıqdan sonra SSRİ zamanı olduğu kimi, öz Vətənində nüfuz sahibi olsun. Vaxtilə bizim hazırladığımız mütəxəssislər Vyetnam, Hindistan, Braziliya, Peru və s. ölkələrdə ən nüfuzlu mütəxəssislər sayılırdı. Bu gün də bizə müraciət edən ölkələr çoxdur, lakin bu gün biz müstəqil universitetik və hər hansı bir ölkə üçün pulsuz mütəxəssis hazırlaya bilmərik. SSRİ vaxtında bu məsələlər göndərişlə həll olunurdu, bu gün isə ADNSU-da təhsil alması üçün ya əcnəbinin özü, ya da onu burada təhsil almağa göndərən şirkət təhsil haqqı ödəməlidir. Lakin bununla belə, bizim xüsusi diqqət yetirdiyimiz məqam vardır ki, bu da ADNSU-ya hazırlıqlı əcnəbilərin cəlb olunmasıdır. Bir nümunə gətirim. SSRİ dövründə bizim ali məktəbdə Vyetnamdan 50-100 nəfər arası tələbə təhsil alırdısa, hazırda cəmi 1 nəfər vyetnamlı tələbə magistraturada təhsil alır. Hazırda vyetnamlı gənclər təhsil almaq üçün əsasən, Rusiya Fedrerasiyasına daha çox üstünlük verirlər. Mən bizim məzunumuz olan “Petrovietnam” şirkətinin rəhbəri ilə bu məsələni müzakirə etmişəm. Vyetnam tərəfi Rusiya ilə nəqliyyat infrastrukturunun daya yaxşı olması, rus dilinin onlar üçün əhəmiyyət kəsb etməsi kimi səbəblər göstərsələr də, biz tədricən bu ölkə ilə əlaqələri bərpa etməyə başlamışıq. Ənənəvi bazarlarla yanaşı, artıq bizdə yeni bazarlar əmələ gəlməyə başlayır. Xatırlayırsınızsa, əvvəllər Ərəb, Latın Amerikası ölkələrindən daha çox tələbə olurdu. Bu gün Kuba məmnuniyyətlə bizə tələbə göndərmək istəyir. Ancaq Kuba Azərbaycandan çox uzaqda yerləşir, həm də maliyyə baxımından bizə tələbə göndərilməsi və burada mütəxəssis yetişdirməsi imkanları məhduddur. Yeni bazarlara gəlincə, hazırda universitetimizdə ən çox əcnəbi tələbə Türkmənistandandır. İkinci yerdə Çin, üçüncü yerdə, nə qədər qəribə səslənsə də, Şri-Lankadır, sonrakı yerləri Pakistan, Banqladeş, Hindistan tutur.
- Bu gün universiteti bitirmiş tələbələrin işlə təmin olunması da mühüm məsələlərdən biridir. Hazırda ADNSU məzunlarının iş tapmaq imkanları nə qədər realdır?
- Rəsmi statistika göstərir ki, ADNSU-nun bakalavriat səviyyəsini bitirən tələbələrin universiteti bitirdiyi ilk ildə 72,8 faizi iş tapır. Bu, çox böyük rəqəmdir. Ancaq bura magistraturaya daxil olunanların da faizi daxildir. Çünki onlar təhsilini davam etdirsələr də, iş tapmalı olurlar. Daha bir rəsmi məlumatı bölüşüm: ötən il bizim universiteti 106 nəfər “Sabah” qrupunun tələbəsi bitirib. Bu,
Bu gün ADNSU-nun məzunu Azərbaycan bazarında özünə iş yeri tapır, çünki bizim tələbələrimiz yüksək səviyyədə bilik qazanaraq məzun olurlar. Universitetimizin keçənilki məzunlarının böyük əksəriyyəti işləyir. Magistr məzunlarımızın 97 faizi iş tapıb. Onlar artıq universiteti bitirərkən işləyirdilər. Bu rəqəmləri biz ilbəil daha da yaxşılaşdırmağa çalışırıq. Bunun üçün çoxşaxəli işlər yerinə yetiririk. Bizim 150-dən artıq müəssisə ilə ikitərəfli müqaviləmiz var. Hər il iki dəfə “Məzun Karyera sərgisi” keçiririk. Ötən il dekabrın 21-də keçirilən sonuncu sərgidə 89 müəssisə 650-yə yaxın vakant iş yeri təklif edib. Həmin sərgidə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nünayəndəsi öz çıxışında 2019-cu il üçün SOCAR-ın ödənişli təcrübə proqramına ayrılmış 220 yerin 180-nin ADNSU-nun tələbələri və məzunları tərəfindən qazanıldığını bildirmişdi. Bu bizim üçün çox önəmlidir. Çünki ölkədə 53 universitet var, SOCAR-da bütün sahələr üzrə mütəxəssis tələb olunur. Belə bir rəqabət mühitində ADNSU-nun tələbə və məzunlarının 180 təcrübə yerini qazanması universitetimizdə tədrisin, təhsilin səviyyəsinin getdikcə yüksəldiyinin göstəricisidir.
- SOCAR və xarici şirkətlər ADNSU məzunlarını nə dərəcədə həvəslə işə götürürlərmi?
- Biz universitet olaraq əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirməyə çalışırıq. Biz SOCAR və əcnəbi neft-qaz şirkətləri, eyni zamanda digər profilli şirkətlərlə geniş əməkdaşlıq edirik. Bu, bizə onların işəqəbul meyarlarını və gözləntilərini öyrənməyə və bunun sayəsində tədris proqramlarımıza düzəliş və korrektələr etməyə imkan yaradır. Əgər əvvəllər SOCAR və digər şirkətlər bizim məzunlarımıza işə qəbuldan əvvəl müəyyən təcrübə keçir, bilik və bacarıqları aşılayırdılarsa, hazırda bir sıra hallarda parta arxasından duran məzunlarımızı birbaşa işə alırlar. SOCAR və digər şirkətlərin məzunlarımızı işə götürməsi səviyyəsinin yüksəlməsi bizim doğru yolda olduğumuzu göstərir.
- Mustafa müəllim, bilirsiniz ki, son zamanlar ölkəmizdə yeni sənaye parkları, sənaye məhəllələri yaradılıb. Həmin sənaye parkları və sənaye məhəllələrindən universitetinizə müxtəlif sahələrlə bağlı müraciətlər varmı?
- Dövlətimiz hər zaman çalışır ki, artan tələbatı ödəmək üçün yeni iş yerləri yaratsın. Bilirsiniz ki, 2019-cu ildə rəsmi olaraq Azərbaycanda 98 min daimi iş yeri yaradılıb. Ancaq insan artımı 100 min nəfər olub. Bu, sadə bir misaldır və daha çox iş yerinin yaradılmasına ehtiyac olduğunu göstərir. Buna görə də mən bu məsələyə daha geniş baxıram və gənclərimizə təhsil verməklə yanaşı, biznes bacarıqları da aşılayırıq ki, onlar öz ideyalarını kommersiyalaşdırıb müəssisə yarada və sonra öz həmyaşıdlarını işə cəlb edə bilsinlər. Bu istiqamətdə 2015-ci ildən bu yana çox ciddi iş aparırıq. Bura startapların yaradılması istiqamətində işlər də daxildir. Bu sahəyə çox ciddi diqqət yetiririk və artıq bu il bizim tərəfimizdən yaradılmış ilkin müəssisələr istehsal fəaliyyətinə başlayacaq.
Bununla yanaşı, bu il ADNSU-nun 100 illiyi qeyd ediləcək. Bu münasibətlə biz tərəfdaşların cəlb olunması yolu ilə kiçik və orta müəssisələr yaratmağı düşünürük. Eyni zamanda biz böyük bir istehsalat sahəsi qurmağı planlaşdırırıq. Bununla bağlı biz təkliflə İqtisadiyyat Nazirliyinə müraciət edəcəyik. Burada yeni texnologiyalar, “know-how” əsasında məhsul istehsal olunacaq, həmin məhsullar nəinki Azərbaycan bazarını təmin edəcək, “Made in Azerbaijan” brendi altında dünya bazarlarına da çıxa biləcək. Son illər Azərbaycanda sənaye sahəsinin inkişafı sürətlə getdi və indi əsas vəzifəmiz sənayenin tutumunun yaxşılaşdırılması, onun elmləşdirilməsidir. Bunun üçün də universitetlər texnologiyaları yeniləməli, daha müasir texnologiyaları tətbiq etməklə cəlbedici məhsul istehsalına öz töhfələrini verməlidirlər. O ki qaldı, sənaye parklarının bizim məzunları işə qəbul etməsinə, kimya və informasiya texnologiyaları ixtisasları üzrə məzunlarımıza həmin müəssisələrdən maraq artır. Bizim məzunları həvəslə həmin müəssisələrə işə götürürlər və bu bizi mütəxəssis hazırlığı məsələsinə daha ciddi yanaşmağa ruhlandırır.
- Yeni texnologiyaların tətbiqindən danışdınız. Rəhbərlik etdiyiniz universitetdə yeni texnologiyaların tətbiqi ilə bağlı vəziyyət necədir?
- Hazırda dünya yeni nə isə yaratmaqla yanaşı, mövcud tullantıların utilizasiyası ilə bağlı çox böyük problem qarşısında qalıb. Bu tip məsələlər bizi daim maraqlandırır. Bizim universitetimiz bu istiqamət üzrə də ixtisaslaşmış universitetlərdən biridir. Məsələn, belə problemlərdən biri rezin tullantılarıdır. Hazırda ölkədə 1,5 milyon avtomobil var. Bu avtomobillərin hər birində də 4, 6 və ya 8 təkəri var. Bu təkər şinlərinin istismarı müddəti istər-istəməz tükənir. Hər avtomobil ildə bir dəfə təkərinin bircə şinini utilizasiya üçün versə, bu 1,5 milyon təkərin utilizasiyası deməkdir. Bu isə çox böyük ekoloji problemdir. İkinci tərəfdən isə bu məhsul təkrar emala getməlidir. Artıq bununla bağlı ADNSU-nun yeni texnologiyası hazırdır və 3 istiqamətdə materiallarımız hazırlanıb: birinci istiqamət idman meydançaları üçün rezin döşəmələrin hazırlanması, ikinci istiqamət sorbentlərin hazırlanması, üçüncü istiqamət isə hər kəsin rezin “prokladka” kimi tanıdığı kipləşdiricilərin istehsalı istiqamətində yeni texnologiyaların tətbiqi. Düşünürəm ki, qısa müddət ərzində bu müəssisəmiz istifadəyə veriləcək.
- Mustafa müəllim, bu qədər yeniliklərin içində tələbələrin tədrisə münasibəti necədir?
- Bütün zamanlarda bütün işlərin aparıcı qüvvəsi insandır. Biz kadr hazırlamasaq, ölkəmizi heç vaxt inkişaf etdirə bilməyəcəyik. Bunun üçün də universitet nə qədər elmli olsa da, yeni texnologiyalarla məşğul olsa da, birinci yerdə baza, ana prinsip gənc mütəxəssisin yetişdirilməsidir. Mən builki birinci kurs tələbələrimizdən çox razıyam. Bu il tələbələr əvvəlki illərin birinci kursunun tələbələrindən keyfiyyətcə fərqlənirlər. Bal ekvivalenti ilə götürsək, ötənilki, yəni 2018/2019-cu tədris ilində 400 bal toplayaraq qəbul olunmuş tələbə ilə bu il 250-300 bal toplamış tələbə eyni səviyədədir. Əgər əvvəllər birinci kurs tələbələrinin universitet həyatına və təhsilinə adaptasiya olunması həftələrlə vaxt alırdısa, bu tədris ilində tələbələr ilk günlərdən tələbə həyatını hiss etməyə başlayıblar. Bu il tədris proqramını yeniləməyimizə baxmayaraq, builki tələbələrin uğurları keçən illə müqayisədə 20-30% artıqdır. Bu bizi sevindirir və gələcəyə nikbin baxmağa imkan verir. ADNSU bu gün Azərbaycan abituriyentləri tərəfindən sevilən universitetlərdən biridir. Biz bununla fəxr edirik, lakin başa düşürük ki, daha yaxşı işləməliyik və daha çox elmi ideyalar irəli sürməliyik və tədris prosesinin Avropa tədris, təhsil məkanına inteqrasiyasını təmin etməliyik.