Karbamid Zavoduna cəlb edilən kreditin 300 mln. avrosu istifadə olunub

Karbamid Zavoduna cəlb edilən kreditin 300 mln. avrosu istifadə olunub Cəlb olunan kreditin 2019-cu ilin sonundan qaytarılmasına başlanılacaq
Sənaye
23 Oktyabr , 2017 17:59
Karbamid Zavoduna cəlb edilən kreditin 300 mln. avrosu istifadə olunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid Zavoduna cəlb edilən 500 mln. avroluq kreditin 300 mln. avrodan çox hissəsi istifadə olunub.

“Report” xəbər verir ki, bunu zavodun direktoru Xəyal Cəfərov bildirib.

Qeyd edək ki, layihənin maliyyələşdirilməsi üçün 500 mln. avro məbləğində kredit ayrılıb. Kreditin 251 mln. avroluq hissəsi Koreyanın "Eximbank"ı (KEXIM), 249 mln. avroluq hissəsi isə KEXIM-in zəmanəti ilə "UniCredit", "Societe Generale", "Deutsche Bank" tərəfindən ayrılıb. Layihə ilkin mərhələdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib.

Onun sözlərinə görə, cəlb olunan kreditin 2019-cu ilin sonundan qaytarılmasına başlanılacaq: “Gələn ilin ortasında zavodun istimara verilməsi gözlənilir. Cəlb edilən kredit isə zavodun istismara verilməsindən 1,5 il sonra qaytarılmağa başlanılacaq. Kreditin qaytarılma müddəti 10 ildir”.

X.Cəfərov qeyd edib ki, təbii qazın və karbamidin hazırkı qiymətinə əsasən, zavodun istismara verildikdən 8-9 il sonra mənfəət əldə edəcəyini demək olar.

Zavodun direktorunun sözlərinə görə, oktyabrın sonuna zavoda xammal – təbii qaz və suyun çatdırılması üçün borular çəkiləcək.

“Gündəlik 1,5 mln. kubmetr qaz alınması nəzərdə tutulur. Təbii qazın alınması ilə bağlı hələlik saziş imzalanmayıb. Amma “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın strukturu olduğu nəzərə alınsa, bu mənada problem olmayacaq. Zavodda istehsal olunacaq məhsulun satışı ilə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “SOCAR Trading” məşğul olacaq. İstehsal olunan karbamidin 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. Təxminən, 500 min tonun ixraca yönəldilməsi gözlənilir”, - deyə X.Cəfərov əlavə edib.

Qeyd edək ki, 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq "Haldor Topsoe" (Danimarka) və "Stamicarbon B.V" (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın "Neste Jacobs Oy" şirkəti tərəfindən yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi