Bakı. 29 sentyabr. REPORT.AZ/ İsveçrənin "Glencore" treydinq şirkətinin səhmlərinin rekord həddə ucuzlaşması Asiya xammal şirkətlərinin fəaliyyətinə ciddi təsir edib. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, böhran səbəbindən Asiya xammal şirkətlərinin səhmlərinin kütləvi satışına başlanılıb.
Məlumata görə, dünən Londonda "Glencore"un hissələrinin 27% ucuzlaşması Avstraliyanın mədən şirkəti olan "BHP Billiton", həmçinin "Rio Tinto Group" və "Noble Group" şirkətlərində ucuzlaşmaya və Asiya xammal bazarlarında satış dalğasının yaranmasına səbəb olub.
"Petro China Co." şirkətində tətildən sonra başlayan əməliyyatlarla yanaşı satışa da start verilib.
Bu arada ABŞ-ın ən böyük alüminium şirkəti olan "Alcoa Inc." istehsalın artması səbəbindən şirkətin iki hissəyə ayrılacağını elan edib.
"Royal Dutch Shell" isə 7 mlrd. ABŞ dolları xərclədikdən sonra Alyaskadakı neft axtarışını dayandırıb.
ABŞ-ın Hyuston Universitetində enerji iqtisadiyyatı dərsini tədris edən və kiçik neft istehsalçısı olan şirkətlərdən birinin baş meneceri olan Ed Hirs bütün bunları ucuruma yuvarlanmaq kimi qiymətləndirir.