Direktor: "Karbamid Zavodunun tikinti işləri 95% yekunlaşıb"

Direktor: "Karbamid Zavodunun tikinti işləri 95% yekunlaşıb" Artıq gələn ilin ortasında zavod istifadəyə veriləcək
Sənaye
29 Noyabr , 2017 12:12
Direktor: Karbamid Zavodunun tikinti işləri 95% yekunlaşıb
Karbamid zavodunun direktoru Xəyal Cəfərov / Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid Zavodunun tikinti işləri 94,7% yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft emalı və neft-kimya" konfransında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,4%-i yerinə yetirilib: "Mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 91,7% tamamlanıb".

X.Cəfərov həmçinin qeyd edib ki, bu ilin sonunda mexaniki işlər başa çatacaq, ilin əvvəlində istismar-sınaq işlərinə başlanacaq, gələn il ortasında isə zavod istifadəyə veriləcək.

O əlavə edib ki, zavodun tikintisi dövründə burada 2 200-3 600 nəfər çalışıb. İstismar dövründə isə zavodda 400-450 işçi olacaq.

X.Cəfərovun sözlərinə görə, müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq: "Bunun 150-200 min tonu daxili bazar, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq. Gürcüstan, digər Qara və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".

Son xəbərlər

Orphus sistemi