Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.
Şirkət bu il 52-58 min unsiya qızıl hasil etməyi nəzərdə tutur. Bu il ərzində Gədəbəydən 2 000-2 400 ton mis hasilatı da proqnozlaşdırılır.
Şirkət cari ilin I rübündə 11 078 unsiya qızıl hasil edib.
Hesabat dövründə şirkət 39 369 unsiya gümüş, 606 ton mis hasil edib. Hesabat dövründə 8 283 unsiya qızıl külçələri 1 220 ABŞ dolları/unsiya qiyməti ilə satılıb.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.