Bu il Azərbaycanda avtomobil istehsalı 2,3 dəfə artıb

Sənaye
  • 14 mart, 2022
  • 14:12
Bu il Azərbaycanda avtomobil istehsalı 2,3 dəfə artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 77,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 43,3 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 5,1 dəfə artıb.

2022-ci ilin yanvar-fevral aylarında 105 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 111 ədəd və yaxud 51,4 % az minik avtomobili istehsal olunub. Bu il martın 1-nə ölkədə 322 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 59 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 15,7 % çoxdur. Nəticədə, bu il martın 1-nə ölkədə 74 ədəd hazır məhsul ehtiyatı yaranıb.