Bu il Azərbaycanda yük avtomobili istehsalı 68 %-dən çox artıb
- 15 iyul, 2024
- 09:51
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 276 ədəd yük avtomobili istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,3 % çoxdur. Nəticədə, bu il iyulun 1-nə ölkədə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk yarım ilində Azərbaycanda 366,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 6 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48 % artıb, maşın və avadanlıqların istehsalı 27,5 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 48 % azalıb.
Hesabat dövründə ölkədə 2 032 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 288 ədəd (16,5 %) az minik avtomobili istehsal olunub. Bu il iyulun 1-nə ölkədə 516 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən yarım il ərzində Azərbaycanda 308 ədəd traktor istehsal edilib. Bu, bir il öncəki göstəricidən 15,4 % azdır. Nəticədə, bu il iyulun 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.