Bakı. 16 aprel. REPORT.AZ/ Ötən gün Bakıda başlayan Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sammiti işini yekunlaşdırır. Tədbirin informasiya tərəfdaşı olan "Report" agentliyi xəbər verir ki, "RyderMarshSharman" şirkətinin (İsveçrə) icraçı direktorunun sədrliyi ilə keçirilən beynəlxalq sammit, son gündə əməyin təhlükəsizliyi sahəsində təcrübəsi olan mütəxəssislərin çıxışları ilə davam etdirilir.
İtaliyanın "Saipem" ("ENI Group") şirkətinin əməyin təhlükəsizliyi üzrə meneceri Devid Skotti bu sahədə 5 illik iş təcrübəsindən danışıb və istehsalatda baş verən qəzalardan, onların qarşısının alınması yollarından və bu sahədə çalışmaq istəyən insanlar üçün lazım olan əsas keyfiyyətlərdən söz açıb.
ABŞ-ın "Molson Coors Brewing" şirkətinin Sağlamlıq və əməyin təhlükəsizliyi, dayanıqlı inkişaf şöbəsinin müdiri Nil Tonq şirkətinin təhlükəsizlik məsələlərinə yanaşması və dəyişikliklərin idarə olunmasından, o cümlədən idarəetməsində olan zavodlarda baş verən istehsalat qəzalarından və şirkətin gördüyü tədbirlərdən danışıb.
Sammitin son günündə Rusiyanın "Mosenerqo" şirkətinin sağlamlıq və əməyin təhlükəsizliyi üzrə direktoru Valeri Nikolskiy, BASF-ın Azərbaycandakı ofisinin mütəxəssisi Cəmilə Cəfərova işçilərin maarifləndirilməsi, iş yerinin təhlükəsizliyi, erqonomika və layihə icrasının səmərəliliyinin qiymətlındirilməsi mövzularında çıxış ediblər.
Yekunda xarici mütəxəssislərin iştirakı ilə sağlam iqtisadiyyat üçün daha sağlam işçi qüvvəsinin yaradılması mövzusunda debatın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, iki gün davam edən sammit Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi, "Fleming Europe" beynəlxalq şirkəti və yerli "Rovshan Oguz Group" Şirkətlər Qrupunun təşkilatçılığı, "British Safety Council", "Nasot", "Scott Safety", TWI şirkətlərinin sponsorluğu ilə keçirilir.