Bakıda 11 ayda 39 milyard manatlıq sənaye məhsulları istehsal edib
- 22 dekabr, 2021
- 05:44
Bu ilin yanvar-noyabr aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 39,2 milyard manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, sənaye məhsulunun 76,4 %-i mədənçıxarma, 20,6 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrıb 1-nə 306,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 74,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.