“AzerGold” və KOBİA “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsini uğurla icra edib

“AzerGold” və KOBİA “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsini uğurla icra edib “AzerGold” QSC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib.
Sənaye
20 İyun , 2023 15:55
“AzerGold” və KOBİA “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsini uğurla icra edib

“AzerGold” QSC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib.

Bu gün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş arıçılıq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Z.İbrahimov rəhbərlik etdiyi dövlət şirkətinin 2016-cı ildən etibarən dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında fəaliyyətini təşkil edərək, ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri ötən 7 ilə yaxın dövr ərzində uğurlu hasilat və emal fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracının həyata keçirildiyini qeyd edib, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalının isə daxili bazara yönəldildiyini deyib. O, 2017-ci ildən daxili və xarici bazarlarda icra olunan satış əməliyyatları nəticəsində ümumilikdə əldə edilən gəlirlərin 1 milyard manatı üstələdiyini bildirib, bununla “AzerGold”un ölkəmizin qeyri-neft-qaz sektorunun əsas ixracatçı dövlət şirkətləri sırasında ilk pillələrdə qərarlaşmağa nail olduğunu vurğulanıb.

Z.İbrahimov əldə olunan bu yüksək iqtisadi nailiyyətlər fonunda, “AzerGold”un fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətliliyin təşkil etdiyini diqqətə çatdırıb. O, bildirib ki, Cəmiyyətin qəbul etdiyi Sosial Təsir və Məsuliyyət üzrə Siyasət çərçivəsində yerli icmaların sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fəal iş aparılır. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir.

Daha sonra “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi barədə ətraflı məlumat verən Z.İbrahimov əsas məqsədin Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafı, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqi və təbii bal istehsalının artırılması ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosialyönümlü dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına əlavə töhfə vermək olduğunu vurğulayıb.

O.Məmmədov isə arıçılığın inkişafı üçün böyük potensiala malik olan Daşkəsən rayonunda icra edilən layihənin bölgə üçün mühüm sosial-iqtisadi təşəbbüs olduğunu bildirib. O, yaradılmış imkandan düzgün faydalanan arıçı fermerlərin təsərrüfat fəaliyyətlərində bunun müsbət nəticələrini görəcəyinə, öz təsərrüfatlarını daha da genişləndirməyə nail olacaqlarına əminliyini vurğulayıb.

Ə.Abıyev isə dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiq edərək, səmərəli fəaliyyəti ilə həm ölkəmizin qeyri-neft qaz sektoru, həm də regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verən “AzerGold”un KOBİA ilə birgə Daşkəsəndə arıçılığın inkişafı istiqamətində icra etdiyi layihənin yerli əhalinin iqtisadi imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib.

Tədbirdə daha sonra İqtisadiyyat, Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri çıxış edərək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının məqsəd və hədəflərinə uyğun olaraq, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin Daşkəsəndə arıçılığın dayanıqlı biznes fəaliyyəti kimi təşviqi baxımından yüksək qiymətləndirdiklərini bildiriblər.

Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Həmçinin, layihə çərçivəsində arıçılara təqdim edilən aktivlər, o cümlədən zəruri mal və materiallarla tam təchiz edilmiş arı yeşikləri və balsüzən dəzgahlara baxış keçirilib.

“Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə “AzerGold”un hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. İlk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən, ümumilikdə 24 nəfər arıçı fermer faydalanıb. Builki layidə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadax adlanan ərazidə yaşayan 32 nəfər fermer iştirak edib.

Son xəbərlər

Orphus sistemi