Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çox sənaye məhsulu istehsal edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,7 % artıb.
Sənaye məhsulunun 63,8%-i mədənçıxarma sektorunda, 30,6%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı eyni səviyyədə qalıb, əmtəəlik qaz hasilatı isə 23% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,2 %, tikinti materiallarının istehsalı 83,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 64,3 %, tütün məmulatlarının istehsalı 53,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 31,4 %, toxuculuq sənayesi məhsullarının istehsalı 30,5 %, kağız və karton istehsalı 28,4 %, kimya sənayesi məhsullarının istehsalı 26,3 %, hazır metal məmulatlarının istehsalı 24,0 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9 %, mebel istehsalı 18,6 %, neft məhsullarının istehsalı 14,6 %, kompüter, elektron və optik məhsulların istehsalı 11,9 %, qida məhsullarının istehsalı 11,3 %, içki istehsalı 3,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 % artmış, maşın və avadanlıqların istehsalı 11,1 %, geyim istehsalı 16,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,9 %, elektrik avadanlıqlarının istehsalı 19,1 %, poliqrafiya məhsullarının istehsalı 44,1 %, sair nəqliyyat vasitələrinin istehsalı 90,2 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 % artıb.