Azərbaycanda Türkiyə ilə birgə yaradılacaq texnoparkın detalları açıqlanıb 

Sənaye
  • 27 may, 2022
  • 11:00
Azərbaycanda Türkiyə ilə birgə yaradılacaq texnoparkın detalları açıqlanıb 
Rövşən Rüstəmov

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə texnoparkların yaradılması ilə bağlı protokol imzalanacaq.

Bunu "Report"a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, protokolun imzalanmasında əsas məqsəd hər iki ölkənin texnologiyaları şirkətlərinin birgə fəaliyyəti, həmçinin onların birgə maliyyələşdirməsi imkanlarının nəzərdən keçirilməsi, həmçinin onların birgə fəaliyyəti üçün texnoparkların yaradılmasını nəzərdə tutur.

"Bu, niyyət protokoludur. Bundan sonra, birgə yaradılacaq texnoparkların fəaliyyət rejimi müəyyən edilməlidir. Yəni, Türkiyə qanunvericiliyi fərqlənir. Azərbaycanda texnoparkların fəaliyyətinə xüsusi imtiyazlar verilir. Artıq bundan sonra, hüquqi müstəvidə işlərə başlanılacaq. Daha sonra texnoparkların yerləşdirilməsi üçün məkanlar müəyyənləşdiriləcək. Türkiyədən çoxlu sayda şirkətlər gəlmək istəyirlər. İki ölkənin şirkətləri texnoparklarda birgə çalışması bizim şirkətlər üçün yeni resurslara, qabaqcıl texnologiyalara çıxmaq imkanı yaradacaq. Həmçinin ,texnoparkda hazırlanacaq həllərin dünya bazarına çıxması daha asan olacaq", - R.Rüstəmov bildirib.

Nazir müavini xatırladıb ki, Azərbaycanda texnoparklar haqqında hazırkı qanun fiziki məkan olmasını şərtləndirir: "Əsas niyyətlərimizdən biri texnoparkların məkan anlayışına bağlanmamasıdır. Məsələn, əgər mən texnoparkın rezidentiyəmsə yalnız bir binanın içində olmağım yox, digər yerdə də ola bilərəm və texnoparkın verdiyi imtiyazlardan istifadə edə bilərəm. Bunun üzərində çalışılır. Qurulacaq texnoparkın birgə idarə heyəti yaradılmalıdır. Texnopark həm Türkiyə, həm də Azərbaycan tərəfindən idarə edilməlidir".