Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 24,3 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % az sənaye məhsulu istehsal edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,1 % artıb.
Sənaye məhsulunun 71,1 %-i mədənçıxarma sektorunda, 23,6 %-i emal sektorunda, 4,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,9 % artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 90,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 %, poliqrafiya məhsullarının istehsalı 44,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5 %, kağız və karton istehsalı 40,2 %, maşın və avadanlıqların istehsalı 23,5 %, tikinti materiallarının istehsalı 20,5 %, içkilərin istehsalı 18,1 %, neft məhsullarının istehsalı 18,1 %, qida məhsullarının istehsalı 12,2 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 %, tütün məmulatlarının istehsalı 9,8 %, mebel istehsalı 7,0 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5 %, elektrik avadanlıqlarının istehsalı 1,5 %, kimya sənayesi məhsullarının istehsalı 0,9 % artıb, əczaçılıq məhsullarının istehsalı 4,4 %, hazır metal məmulatlarının istehsalı 6,2 %, geyim istehsalı 23,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 41,4 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,3 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 % artıb.