​Azərbaycanda ilk sənaye məhəlləsi bu il fəaliyyətə başlayacaq

​Azərbaycanda ilk sənaye məhəlləsi bu il fəaliyyətə başlayacaq Bu il ərzində layihə ilə bağlı hazırlıq işlərinin tamamlanması planlaşdırılır
Sənaye
3 Fevral , 2015 14:40
​Azərbaycanda ilk sənaye məhəlləsi bu il fəaliyyətə başlayacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda yaradılacaq ilk sənaye məhəlləsinin artıq 2015-ci ilin sonuna qədər fəaliyyətə başlaması nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC-nin icraçı direktoru Rövşən Nəcəf jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, dövlət başçısının dünən imzaladığı müvafiq sərəncamla AİŞ-ə Neftçala rayonunda pilot layihə olaraq sənaye məhəlləsinin yaradılması tapşırılıb.

R.Nəcəfin sözlərinə görə, hazırda ölkədə rəqabətədavamlı məhsul istehsalının artırılması, regionlarda sahibkarlığın genişləndirilməsi məqsədilə sənaye parkları və sənaye müəssisələrinin yaradılması istiqamətində iş aparılır.

AİŞ rəhbəri bildirib ki, sərəncama uygun olaraq AİŞ aktiv fəaliyyətə başlayır, Neftçalada müəyyənləşdirilmiş 10 ha ərazidə sənaye məhəlləsinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə layihələndirmə işlərinə başlanacaq, sənaye məhəlləsinin infrastrukturu yaradılacaq və orada sahibkarlara icarəyə veriləcək sahələrin tikintisinə başlanacaq.

İcraçı direktor qeyd edib ki, ilin sonuna qədər artıq birinci fazanın yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun, ilkin istehsal sahələrinin yaradılması, sahibkarlara icarəyə veriləcək sənaye müəssisələrində fəaliyyətə başlanması nəzərdə tutulur.

Qeyd edək ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktura sahib olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı üçün nəzərdə tutulan ərazidir. Sənaye məhəllələrinin əsas üstünlüyü ondan ibarətdir ki, istehsala başlayan sahibkarların infrastuktur xərcləri azalır, digər sahibkarlarla kooperasiya əlaqələri güclənir.

Son xəbərlər

Orphus sistemi