Azərbaycan polietilen ixracından qazancını 9 %-dən çox artırıb

Sənaye
  • 17 iyul, 2025
  • 11:17
Azərbaycan polietilen ixracından qazancını 9 %-dən çox artırıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 63 min 968 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 72 milyon 115,2 min ABŞ dolları təşkil edib.

Ötən ilin ilk 6 ayının göstəricisi ilə müqayisədə məhsulun həcmi 4,46 %, dəyəri isə 9,4 % artıb.

Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,11 %, ölkənin ümumi ixracında payı isə 0,56 % olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % azalıb, idxal isə 29,9 % artıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti