“Anglo Asian Mining”in gəliri ötən il təxminən 14 % azalıb
- 22 may, 2025
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkətinin 2024-cü ildə əvvəlki illə müqayisədə gəliri 13,7 % azalaraq 39,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə “Report” şirkətin hesabatına istinadən xəbər verir.
Ötən il şirkərtin satışlarının maya dəyəri 49,7 milyon ABŞ dolları (-1,2 %), vergidən əvvəlki zərər isə 33,4 % azalaraq 21,3 milyon ABŞ dolları təşkil edib.
"Bu zərər Gədəbəydə bəzi emal qurğularının altı ay müddətinə dayandırılması və şirkətin daha yüksək maliyyə xərcləri səbəbindən baş verib. AAM-in 2024-cü ildə əməliyyat zərəri 18,8 milyon ABŞ dolları (-24,2 %) təşkil edib", - məlumatda bildirib.
Ötən il şirkətin maliyyə xərcləri 3 milyon ABŞ dolları (+1,7 dəfə), dövriyyədənkənar aktivləri isə 103,7 milyon ABŞ dolları (+8,9 %) təşkil edib.
AAM-in 2024-cü il dekabrın 31-nə xalis aktivləri 67,4 milyon ABŞ dolları (-20,5 %), cari öhdəlikləri isə 38,9 milyon ABŞ dolları (+1,7 dəfə) təşkil edib. Şirkətin ötən ilin sonuna xalis borcu 14,7 milyon ABŞ dolları (2023-cü ildə 10,3 milyon ABŞ dolları) təşkil edib.
"2024-cü ildə bir sıra problemlərin yaşanmasına baxmayaraq, “Anglo Asian” yüksək nəticələr göstərib: istehsal həcmi proqnozlara uyğun olub. Gədəbəydə qələvi üsulu və flotasiya üsulu ilə emal üzrə əməliyyatlarımızın müvəqqəti dayandırılmasından sonra xalis borc cəmi 4,4 milyon ABŞ dolları artıb", - şirkətin baş direktoru Reza Vaziri bildirib.
O vurğulayıb ki, 2025-ci ilin birinci rübündə 8 085 unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasil edilib.
Qeyd edək ki, “Anglo Asian Mining” 2024-cü ildə 16,76 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib. Bu, 2023-cü ilin göstəricisindən 1,9 dəfə azdır.
Bununla yanaşı, 2024-cü ildə 15,073 min unsiya qızıl (- 30,7 %), 28,258 min unsiya gümüş (- 1,9 dəfə), 377 ton mis (- 5,7 dəfə) hasil edib.
2024-cü ildə dünya bazarlarında qızıl külçə satışları 15,251 min unsiya (- 3,6 %) təşkil edib. Qızılın orta satış qiyməti 2,432 min ABŞ dolları/unsiya olub. 2023-cü ildə şirkət tərəfindən qızılın bir unsiyasının orta satış qiyməti 1,951 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.