"Anglo Asian Mining" III rübdə mis istehsalını 2 dəfədən çox artırıb

Sənaye
  • 15 oktyabr, 2026
  • 10:34
Anglo Asian Mining III rübdə mis istehsalını 2 dəfədən çox artırıb

Böyük Britaniyanın qızıl hasil edən "Anglo Asian Mining PLC" şirkəti Azərbaycanda mis istehsalını 2026-cı ilin III rübündə ötən ilin enyi dövründəki 2 288 tonla müqayisədə 5 514 tona qədər (2,4 dəfə artım) artırıb.

"Report" "Anglo Asian Mining"ə istinadən xəbər verir ki, cari ilin II rübündə göstərici 5 129 ton təşkil edib.

Mis istehsalının artması noyabrın sonunadək layihə gücünə çatması gözlənilən "Dəmirli" yatağında güclərin mərhələli şəkildə artırılması ilə şərtlənir. Üçüncü rübdə "Gədəbəy" mədənində 1 690 ton, "Dəmirli"də isə 3 824 ton mis istehsal edilib.

Bu ilin doqquz ayının yekunlarına görə, mis hasilatının həcmi rekord səviyyəyə - 14 354 tona (2025-ci ilin 9 ayındakı 3 476 tonla müqayisədə) çatıb. Şirkətdən qeyd edilib ki, ortamüddətli strategiyaya uyğun olaraq, mis cari ilin istehsal strukturunun əsasını formalaşdırır.