“Anglo-Asian Mining” Azərbaycanda qızıl külçələrinin satışını azaldıb
- 23 iyul, 2024
- 14:17
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti bu ilin ikinci rübündə qızıl külçələrinin satışını illik müqayisədə 2,3 dəfə azaldıb.
“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, qızıl külçələrinin 1 unsiyasının orta qiyməti 2 350 ABŞ dolları olmaqla ümumi satışı 2 075 unsiya təşkil edib.
Ötən ilin eyni dövründə isə 1 unsiyanın orta qiyməti 1 992 ABŞ dolları olmaqla 4 787 unsiya qızıl külçə satılıb.
Hesabat dövründə 260 quru metrik ton mis konsentratın satışından 1 milyon ABŞ dolları əldə edilib. Ötən ilin ikinci rübündə isə 5 501 quru metrik ton mis konsentratı 7,7 milyon ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.