4.0 sənayesinin başlıca nailiyyətləri necə tətbiq olunacaq?

4.0 sənayesinin başlıca nailiyyətləri necə tətbiq olunacaq? Yanvarın 6-da Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaratmaq barədə sərəncam imzalayıb.
Sənaye
27 Yanvar , 2021 20:22
4.0 sənayesinin başlıca nailiyyətləri necə tətbiq olunacaq?
Эмин Алиев

Yanvarın 6-da Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaratmaq barədə sərəncam imzalayıb.

Tarix üzrə fəlsəfə doktoru Emin Əliyev “Report”a dördüncü sənaye inqilabının nailiyyətlərinin tətbiqinə dair fikirlərini bölüşüb.

4.0 sənayesi: İnsan kapitalı dövlətin başlıca sərvətidir

Burada insan ümumi mənada yox, məhz yeni texnologiyalara bələd olan, tədqiqat aparmağı, yeniliyi tətbiq etməyi və köhnəliyi təkmilləşdirməyi bacaran mənada nəzərdə tutulur. Daha doğrusu, insan yox, ayrı-ayrı zəkaları qovuşdurub məcmu zəka yaratmağı bacaran insan qrupları.

4.0 sənayesinin yolunda başlıca əngəl

4.0 sənayesi konsepsiyasının nə qədər səmərəli tətbiq olunacağı mütəxəssislərin biliklərindən, səriştəsindən asılı olacaq. Bu mənada başlıca əngəl rəqəmsal texnologiyalara bələd olan insanların tapılmaması ola bilər.

4.0 sənayesi əmək dünyasını köklü şəkildə dəyişdirəcək

2017-2019-cu illər ərzində dünya iqtisadiyyatında 2 milyon iş yeri açılması müqabilində 7,1 milyonu da ləğv edilib.

Sözügedən müddət ərzində dünyanın əmək bazarına daha çox təsir edən amillərə dair keçirilən rəy sorğusu iştirakçılarının 34 faizi mobil internet və bulud texnologiyalarını, 26 faizi irihəcmli məlumat texnologiyalarını, 14 faizi əşyalar internetini, 9 faizi robot texnikasının inkişafını, 6 faizi istehsalatın avtomatlaşdırmasını qeyd edib.

Həmin amillərin 2022-ci ilədək məşğulluğa təsir etməsinin gözlənilən istiqamətləri bunlardır:

Əmək bazarına təsir edən amillər: irihəcmli məlumat texnologiyaları, əşyalar interneti

Daha çox tələbat olacağı ixtisaslar: riyaziyyat və hesablama avadanlığı, idarəçilik, maliyyə, satışlar, kompüter peşələri, layihələndirmə, mühəndislik

Tələbatın azalacağı ixtisaslar: ofis işçiləri, texniki servis, avadanlığın təmiri və quraşdırılması

Qarşıdakı 5-10 il ərzində daha çox tələb olunacaq sahələr: biotexnologiyalar, nəqliyyat, robot texnikası, maşınqayırma, İT

Eyni müddət ərzində daha çox tələb olunacaq ixtisaslar: sistem biotexnoloqu, bioəczaçı, əqli idarəçilik sistemlərinin quraşdırıcısı, avtomatik nəqliyyat sistemlərinin operatoru, ev robotları layihəçisi, tibbi robotların layihəçisi, robotları idarə edən neyro interfeyslər layihəçisi, çoxşaxəli robot komplekslərinin operatoru, sənaye robotlarının layihəçisi, irihəcmli məlumatlar (big data) modelləşdiricisi.

Eyni zamanda istər fiziki, istərsə də əqli səpgili yeknəsəq hərəkətlərlə bağlı bütün ixtisaslar əmək bazarından çəkilməyə başlayacaq. O cümlədən mühasib, smetaçı, stenoqrafist, korrektor, turizm agenti, bank əməliyyatçısı, tərcüməçi, sistem idarəçisi, habelə biletsatan, qarson, kuryer, parkinq işçisi kimi bu gün adi görünən ixtisaslar yox olacaq.

Müəssisələr üçün tövsiyələr

Sahəvi müəssisələr “rəqəmli gənclər”dən olan, bütövlükdə rəqəmli mühitdə özünü sərbəst hiss edənləri daha çox cəlb etməli, bu sahədə təlim-tədris işlərini artırmalıdır.

Gələcəkdəki iqtisadi artım xeyli dərəcədə ixtisaslı mühəndis kadrlarının mövcudluğu ilə şərtlənir. Belə kadrların hazırlanması orta təhsil mərhələsində STEM (elm, texnologiya, mühəndis, riyaziyyat) fənlərinin tətbiqilə daha geniş vüsət almalıdır. Bu işlər şagirdləri dəstəkləyən, müəllimləri də təkmilləşdirən məqsədli inkişaf proqramları ilə dəstəklənməlidir.

Son xəbərlər

Orphus sistemi