“Qapalı yerlərdə, o cümlədən sərnişin avtobuslarında kondisionerlərin çalışması virus infeksiyalarının yayılmasında böyük rol oynayır”.
Bunu “Report”a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, bağlı məkanlarda kondisionerlərin işləməsi məqsədəuyğun hesab edilmir:
“Bu, həmçinin insanların çox olduğu digər yerlərə də aiddir”.
Qeyd edək ki, bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama yayaraq pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparıldığını bəyan edib: "TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək".