Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”un suallarını cavablandırıb:
- Bir elm adamı kimi COVID-19 ilə bağlı olan ən son yeniliklər barədə nə deyə bilərsiniz? Bildiyimiz qədəri ilə Almaniyada da artıq bu sahədə mühim elmi araşdırmalar aparılıb, bunların nəticələri ilə bizi tanış edə bilərsinizmi?
- İlk öncə onu qeyd edim ki, son günlər, həqiqətən, tibb elminə COVID-19 ilə bağlı məlum olmayan məsələlərə Almaniyada aparılan elmi araşdırmalar kifayət qədər aydınlıq gətirib. Belə ki, artıq bu virusun ikincili yoluxma faizi Almaniyada elm adamlarına dəqiq məlumdur və bu faiz onu göstərir ki, məsələn əgər bir adam çinli bir virusdaşıyıcısından virusa yoluxarsa, həmin yoluxan adam özünün görüşdüyü şəxslərin 10%-ni virusa yoluxdurur. Bu elmi araşdırma zamanı daha maraqlı məqam isə bir yeməkxanada arxa-arxaya oturan iki şəxsdən birinin o birisini yoluxdurmasıdır. Bu da artıq bizə elmi əsas verir ki, tam əminliklə virusun müəyyən hava axınında hərəkət etməsini təsdiqləyək.
- İtaliya alimləri iddia edirdilər ki, onlarda virusun yayılmasına səbəb Almaniyada olan ilk viruslu xəstələrdir. Alman alimləri bunun əksini sübut edə bildimi?
- Yuxarıda qeyd etdiyim elmi araşdırmada artıq alman alimləri bunun əksini elmi cəhətdən sübut edə bildilər və bundan əlavə, artıq virusun mutasiyası barədə də bu araşdırmaya əsasən elmi izah vermək mümkündür. Ən vacib məqam isə ondan ibarətdir ki, Almaniyada yayılan virusla İtaliyada yayılan virus eynilik təşkil etmir.
- Bu barədə Uhandan da bir elmi açıqlama olmuşdu. Belə ki, çinli alimlər virusun fərqli növünün fərqli simptomlar yaratdığını və hətta xəstələrin həyatına daha tez son qoymasını iddia edirdilər, bununla razısınızmı?
- Bu elmi araşdırma ilə tam olaraq tanışam və metodik olaraq çox səhv bir elmi araşdırma dizaynı olduğunu tam əminliklə deyə bilərəm. Çünki həmin araşdırmada xəstələrin ölüm faizi pandemiyanın fərqli zamanlarında müqayisə edilib. Belə ki, pandemiyanın pik nöqtəsi zamanı ölənlər də statistikaya daxil edilib ki, bu dövrdə xəstələr virusdan deyil, süni tənəffüs aparatlarının çatışmazlığından ölüblər.
- Sosial şəbəkədəki "Facebook" profilinizdə son 5 saatlıq tibbi elmi ədəbiyyat analiziniz barədə paylaşım etmisiniz. Bizimlə bölüşə bilərsinizmi?
- Əlbəttə. Düşünürəm ki, artıq bir neçə saat və ya gündən (ölkələrdən asılı olaraq) sonra böyük elmi diskusiyalar bu barədə başlamalıdır. Belə ki, Uhanda (Zhongnan Hospital of Wuhan University) olan xəstələrin 20%-nin birbaşa ürək şikayətləri ilə həkimə müraciət etmələri və bu xəstələrin də ürəyinin miokardında (ürək əzələsində) müvafiq dəyişikliklərin olduğu artıq sübut edildi. Özü də heç bir ağciyər xəstəliyinin simptomatikası olmadan! Eyni xəstəlik gedişatı İtaliyada da müşahidə edildiyinə görə indi virusun birbaşa ürəyə də təsir etməsi ilə bağlı sual ortaya çıxdı.
Bu da ona əsas verir ki, gizli ürək infarktı simptomları ilə gələn xəstəyə COVID-19 testi olunması tövsiyə olunur və həkimlər bunu artıq mütləq nəzərə almalıdırlar.