Bakı. 5 oktyabr. REPORT.AZ/ "Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb: "Talassemiya daşıyıcılarının müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, xəstəliyin azalması üçün nikaha daxil olmaq istəyən cütlüklərin müayinəsinin aparılmasına da başlanılıb. Bu müayinələr artıq öz nəticələrini verir. Belə ki, nikaha daxil olmaq istəyən cütlüklərin müayinəsinə başlanılandan, yəni 2015-ci ilin iyun ayının 1-dən bu günə qədər 197 554 şəxs tibbi müayinədən keçib. Onların 9 131 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Eləcə də 71 cütlükdə, yəni hər ikisində talassemiya daşıyıcılığı üzə çıxıb. Hər ikisində talassemiya aşkarlanan cütlüklərdə hamiləliyin 12-18 həftəsində döldən nümunə götürülür və İnstitutda molekulyar genetik müayinə aparılır".
Z.Əlimirzəyeva bildirib ki, indiyədək üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər: "Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib".