"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını artıracaq".
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib.
O, misal olaraq bildirib ki, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir: "Təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar. Özəl tibb müəssisələrinə daha çox hansı tibbi xidmətlərlə bağlı göndərişlər etməyimizin statistikasını da aparırıq, laborator xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı da işlər görülür, vətəndaşlar artıq dövlət xəstəxanaları ilə bağlı məmnuniyyətlərini dilə gətirirlər, şikayətlərin sayında azalma var. TƏBİB-ə olan təşəkkürlərin sayı son dövrlərdə kifayət qədər artıb".
V.Qurbanov əlavə edib ki, bölgələrdə hazırda mütəxəssislər fəaliyyət göstərir, mürəkkəb əməliyyatlar icra olunur, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb, Şəkidə və Şirvanda da açılması planlaşdırılır. Artıq insanlar Bakıya gəlmədən də regionda əməliyyatlarını etdirə bilirlər.