Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) martın 17-də “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış̧” mövzusuna həsr olunan növbədənkənar geniş iclası keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qlobal Fondun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən səhiyyə naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib. Teymur Musayev qeyd edib ki, “Vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunub.
Həmçinin, 2023-cü ildə Səhiyyə Nazirliyinin dəvəti ilə tanınmış beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlərin qiymətləndirməsinin aparılması diqqətə çatdırılıb.
Tədbirin mahiyyətini vurğulayan səhiyyə naziri bildirib ki, ölkədə vərəmlə mübarizə sahəsində həyata keçirilən addımlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eyni zamanda qlobal və regional çağırışlar nəzərə alınaraq, gələcək strategiyalar iclasın nəticəsi kimi müəyyən ediləcək.













