TƏBİB: “Mövsümi olaraq COVID-19-a yoluxmaların sayının artması gözləniləndir”

TƏBİB: “Mövsümi olaraq COVID-19-a yoluxmaların sayının artması gözləniləndir” Hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib.
Sağlamlıq
25 Avqust , 2023 16:15
TƏBİB: “Mövsümi olaraq COVID-19-a yoluxmaların sayının artması gözləniləndir”

Mövsümi olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

“Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”, - qeyd edilib.

TƏBİB-dən bildirilib ki, avqustun 9-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxararaq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib: “Bu dəyişiklik son həftələrdə “Eris” olaraq da adlandırılan EG.5 ştamının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artmasıdır. EG.5 ştamının ən geniş yayıldığı ölkə 9 avqust etibarilə Çindir, ikinci yerdə ABŞ durur, qeyd olunan ştam hazırda ABŞ-da dominant ştam olaraq elan edilib”.

“EG.5 ştamı Omikron ştamının XBB 1.9.2 xəttinin sələfidir. Yeni ştam XBB 1.9.2 ştamından və spayk zülalında XBB 1.9.2 ştamı ilə eyni aminturşu profilinə malik XBB.1.5 ştamından 1 mutasiya ilə fərqlənir. Bu mutasiya xəstəliyin gedişatında, müalicəyə tabe olmasında və ya ötürücülüyündə heç bir dəyişikliklə təzahür etməyib. Lakin bu ştamın orqanizmin immun qoruma mexanizmlərinə qarşı daha davamlı olduğunu və bununla da daha yüksək yoluxduruculuğa sahib olduğu müşahidə edilir.

Avqustun 9-da EG.5 ştamı ÜST tərəfindən qlobal ictimai səhiyyə baxımından aşağı riskli olaraq dəyərləndirilib. Lakin qeyd etmək lazımdır ki, yüksək risk qrupuna daxil olan şəxslər üçün bu bəyanat qorunma tədbirlərini azaltmağa, diqqətsiz davranmağa əsas olmamalıdır. Hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.

Yeni aşkar olunan digər bir ştam isə BA 2.86 ştammıdır. BA 2.86 ştamı mutasiyaların sayı baxımından Omikron ştamı ilə müqayisə olunur. Bu səbəbdən bu ştamın immun cavab mexanizmlərindən yayınaraq yüksək yoluxduruculuq qabiliyyətinə malik ola biləcəyi proqnozlaşdırılır. Lakin BA 2.86 ştamının rastgəlmə tezliyinin hələ ki aşağı olması yoluxduruculuq və digər xüsusiyyətləri baxımından mülahizələrin irəli sürülməsinə yol vermir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, virus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də, variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.

Yoluxma riskindən qorunmaq üçün hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Kütləvi məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, xəstələrlə təmasdan çəkinmək tövsiyə olunan tədbirlərdəndir.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərməkdədir.

Son xəbərlər

Orphus sistemi