Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olub.
Universitetdən "Report"a verilən məlumata görə, o, klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılan şəraitlə tanış olub.
Eyni zamanda, pandemiya ilə mübarizədə aktiv iştirak edən ATU Tədris Terapevtik Klinikasının problemləri ilə maraqlanıb. R.Bayramlı həmçinin klinikanın laboratoriyalarında olub, buradakı vəziyyətlə tanış olub, çatışmazlıqlarla maraqlanıb.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb. O bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkədə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Ümumilikdə ATU Tədris Terapevtik Klinikasının COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işləri müsbət qiymətləndirilib.