Sədr müavini: "Xidmətlər Zərfinə ürək-damar sistemi xəstəlikləri üzrə 400-ə yaxın diaqnoz daxil edilib"
- 05 noyabr, 2022
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ürək-damar sistemi xəstəlikləri üzrə 400-ə yaxın diaqnoz daxil edilib".
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova 8 Noyabr - Zəfər Gününə həsr edilən elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buraya ürəyin işemik xəstəliyi, miokard infarktı, stenokardiya və digərlər xəstəliklər aiddir: "Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatların 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır. Bunların sırasında aorta-koronar şuntlama, minimal invaziv ürək cərrahiyyəsi, ürək damarlarına stentlərin yerləşdirilməsi, anadangəlmə ürək qüsurları və başqa əməliyyatlar yer alıb".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə çıxışında bildirib ki, konfransın həm praktiki, həm də elmi mahiyyəti var: "Bu gün yenilənən dünyada biz həkimlərin üzərinə böyük bir məsuliyyət düşür. Belə toplantılara, müzakirələrə çox ehtiyacımız var".
Eyni zamanda tədbirdə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Ələkbərov və respublikanın baş kardioloqu Yusif Nağıyev iştirak ediblər.