Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klinikadan bildirilib.
Qeyd olunub ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinikaya təxliyə edilib:
"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisalı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.
Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır".
Ötən gün komaya düşən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağırdır.
"Report"un məlumatına görə, bunu onun yaxınları bildirib.
Qeyd olunub ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur və stabil-ağır olaraq qalır.
Hazırda Mərkəzi Klinikada deputatın müalicəsi davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.
O, süni tənəffüs aparatına qoşulub.