Uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə əlac olan Mərkəzi Rayon Xəstəxanasından REPORTAJ

Uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə əlac olan Mərkəzi Rayon Xəstəxanasından REPORTAJ Müasir tələblərə cavab verən və uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə çarə olan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi isə 4,
Sağlamlıq
26 Oktyabr , 2024 14:00
Uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə əlac olan Mərkəzi Rayon Xəstəxanasından REPORTAJ

Müasir tələblərə cavab verən və uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə çarə olan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi isə 4,9 hektardır.

Bu il ərzində xəstəxananın ən böyük uğurlarından biri Qəbələ rayon sakini 92 yaşlı pasiyent üzərində “Sol bud sümüyünün boyun sınığı” diaqnozu ilə “bud-çanaq oynağının bipolyar artroplastikası” əməliyyatının icra edilməsi olub. Uğurla həyata keçirilən əməliyyatdan sonra pasiyent evə buraxılıb.

Hazırda xəstəxananın nəzdində üç ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və beş həkim məntəqəsi fəaliyyət göstərir, ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dir.

Xəstəxanada endoprotezləşdirmə, vətər transferi, laporoskopik, ginekoloji və LOR əməliyyatlarının icrasına başlanılıb. Diaqnozun sürətli və dəqiq təyininə kömək edən MRT, KT, holter monitorinqi, c-qollu rentgen, spirometriya, elektroensefaloqrafiya və müxtəlif fizioterapiya avadanlıqları istifadəyə verilib.

Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, hemodializ şöbələri, laboratoriya fəaliyyət göstərir. 2023-cü il ərzində xəstəxana tərəfindən vətəndaşlara 247 min 890 ambulator, 4 min 659 stasionar və 29 min 580 təcili tibbi yardım üzrə xidmət göstərilib. 2024-cü ilin ilk 9 ayında isə ambulator xidmət 190 min 291-ə, stasionar xidmət 3 min 986, təcili tibbi yardım xidməti 23 min 951-ə çatıb. 2024-cü ilin yanvar-avqust aylarında tibb müəssisəsinə müraciət edən xəstə sayı ümumilikdə 95 min 24-ə çatıb. Həyata keçirilən əməliyyatların ümumi sayı 3110, doğum sayı 530, radioloji xidmətlərin sayı 63 min 756, laborator xidmətlərin sayı isə 213 min 512 olub.

Ceyhun Əhmədov
Ceyhun Əhmədov

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur çərçivəsində xəstəxananın direktoru Ceyhun Əhmədov bildirib ki, hazırda region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb:

“Xəstəxana maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, elektroensefaloqrafiya (EEQ) və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR və endoprotez əməliyyatlarının icrasına başlanılıb”.

Onun sözlərinə görə, xəstəxanada hazırda terapiya, TTY, yolxucu xəstəliklər, cərrahiyyə, ginekologiya və doğum, pediatriya, laboratoriya, şüa diaqnostika, hemodializ şöbələri fəaliyyət göstərir. Eyni zamanda xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub.

Direktor reanimatoloq - anestezioloq ixtisasları üzrə kadr çatışmazlığı olduğunu diqqətə çatdırıb.

“Xəstəxanamıza ən çox mövsümi infeksion xəstəliklər, turistik zona olduğu üçün travmalar, məişət və yol qəzaları, bütün Azərbaycanda olduğu üçün əlbəttə ürək-damar xəstəlikləri səbəbindən müraciət olunur. Bundan başqa şikayətlər arasında oynaq ağrıları, artrozlar, artritlər də yer alır. Biz bu xəstəliklərə qarşı endorprotez əməliyyatları icra edirik”, - C.Əhmədov əlavə edib.

Qeyd edək ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının hazırkı binası 9 aprel 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb.

Son xəbərlər

Orphus sistemi